Allaha məxsusuq, Ona tərəf qayıdarıq. (sonuncu yazı)
Əvvəlini oxumaq ucun bura vurun.
"İnnâ lillâhi və innâ ileyhi raci'ûn" (إِنَّا لِلَّٰهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ)
Təxminən 1971-ci ildə Lənkəranda zona üzrə beton zavodu yaradıldı.Yeni müəssisənin fəaliyyətini düzgün qurmaq,istehsalı təşkil etmək və işləri idarə etmək üçün ixtisaslı ,təcrübəli kadrlara ehtiyac var idi. Bu məqsədlə Ayaz Cəfərov həmin zavoda mühəndis vəzifəsinə təyin edildi.
Lakin zavod fəaliyyətə başladıqca məlum oldu ki,rəhbərlikdən tutmuş digər işçilərə qədər, demək olar,heç kəs bu sahədə yetərincə təcrübəyə və səriştəyə malik deyil. Bu mürəkkəb şəraitdə Ayaz öz bilik və bacarığı, işguzarlığı, təşkilatçılıq bacarığı ilə seçilirdi.O, yalnız öz vəzifəsini yerinə yetirməklə kifayətlənmir,zavodun bütün işlərinin qaydasına qüşməsi üçün əlindən gələni edirdi.
Rəhbərlik qısa müddətdə Ayazın işə dərindən bələd olduğunu, insanlarla səmimi münasibət qurduğunu və məsuliyyəti öz üzərinə götürmək bacarığını gördü.Ona zavodun müxtəlif sahələrində geniş sərbəstlik verildi.Tədricən müəssisədə elə bir vəziyyət yarandı ki,zavodun işi düşən başqa müəssisələrin nümayəndələrinə, demək olar, eyni cavab verilirdi:
AYAZ BİLƏR !
Bu söz əslində çox şeyi ifadə edirdi. İnsanlar ona inanır, onun biliyinə güvənir, məsələlərin həllini onda görürdülər.Belə bir etimadı qazanmaq üçün yalnız savadlı olmaq kifayət deyildi.İşini bilmək qədər insanlara hörmətiə yanaşmaq, onların probleminə biganə qalmamaq və şəxsi mənafeyi hər şeydən uca tutmamaq da lazım idi.
Ayazın xeyirxahlığı isə yalnız dövlət müəssisələri ilə məhdudlaşmırdı.Şəxsi ev tikən insanlar da ondan kömək istəyirdilər.O, qanun çəçivəsində, heç bir təmənna güdmədən insanlara yardım edirdi. Onun üçün əsas məsələ insanların işinin irəliləməsi,çətinliklərinin aradan qalxması idi.
Bu illərdə Ayaz Şirinquyu kəndində özü üçün də bir yaşayış evi tikdirdi.Lakin onun ucaltdığı evdən daha böyük bir dəyər vardı; insanların qəlbində qazandığı hörmət və etimad.
Hələ qırx yaşı tamam olmamış Ayazı həm doğma Şirinquyuda, həm də Lənkəran ərazisində ağsaqqal kimi qəbul edirdilər.BU , sadəcə yaşla qazanılan bir hörmət deyildi.İnsanlar onun davranışına, ədalətinə, köməyinə və sözünün çəkisinə görə ehtiram göstərirdilər.
Axı ağsaqqallıq yalnız yaş məsələsi deyil.Bəzən insan ömrünün eiə bir mərhələsində elə hörmət qazanır ki, onun sözü yaşından böyük olur.
Ayaz Cəfərov — elin ağsaqqalı
İllər ötür, yaş üstünə yaş gəlirdi. Ayaz artıq 50 yaşına yaxınlaşır, ömrünün müdriklik dövrünə qədəm qoyurdu. Ailə üzvlərinin sayı da artmışdı. O, beş oğul və bir qız atası idi. Bütün bu illər ərzində atasızlıq dərdini ürəyində daşıyırdı. Müharibədə itkin düşmüş atasından xəbər tutmaq üçün əlindən gələni etmiş, müraciət etmədiyi yer qalmamışdı. Lakin bütün cəhdləri nəticəsiz qalmışdı. Ailədə növbəti oğlan uşağı dünyaya gələndə Ayaz atasının adını yaşatmaq qərarına gəldi. Körpəyə Zəki adını verdi. Lakin sənədlərdə adı Zəki yazılsa da, heç kim bu adı çəkməyə ürək etmirdi. Buna görə də hamı uşağı Dədə deyə çağırırdı. Artıq Ayazı yalnız Lənkəranda deyil, ətraf rayonlarda da tanıyırdılar. Lerikdən, Masallıdan, Astaradan ev tikən insanlar hər hansı çətinliklə üzləşəndə onun yanına gəlirdilər. Ayazın məsləhətinə, köməyinə inanırdılar.
Şirinquyu kəndində isə istər toy, istərsə də hüzur məclisi olsun, elin ağsaqqalı Ayaz əmi həmişə başda dayanırdı. İnsanlar onun sözünə hörmət edir, məsləhətinə qulaq asırdılar.
Gündən-günə böyüyən kəndin bir ciddi problemi vardı. Dünyasını dəyişən insanları dəfn etmək üçün Port-İliç qəsəbəsinin qəbiristanlığına aparırdılar. Kənddən uzaqda yerləşdiyinə görə bu, camaat üçün xeyli çətinlik yaradırdı.
Ayaz bu problemi həll etmək qərarına gəldi. Müvafiq orqanlara müraciət edərək kəndin yaxınlığında qəbiristanlıq üçün yer ayrılmasına və qanuniləşdirilməsinə nail oldu. Həmin ərazidə namaz qılmaq üçün kiçik bir bina da inşa edildi. Bu gün isə həmin yerdə böyük bir məscid tikilib.
Lakin yeni qəbiristanlıq hazır olsa da, heç kim dünyasını dəyişən yaxınını orada dəfn etmək istəmirdi. İnsanlar el qınağından çəkinirdilər. Ayazın təbliğatı, insanları inandırmaq cəhdləri də hələlik nəticə vermirdi. Nəhayət, müəyyən vaxt keçdikdən sonra Ayazın anası Kinəvəs nənə dünyasını dəyişdi.
Onda Ayaz camaata müraciət edərək dedi ki, mən anamı yeni qəbiristanlıqda dəfn edirəm. Bu addım hər şeyi dəyişdi. Ayazın öz anasını orada dəfn etməsi insanlara bir nümunə oldu. O gündən etibarən kəndin yaxınlığındakı qəbiristanlıq böyüməyə başladı. Beləliklə, Ayazın təşəbbüsü sayəsində kənd camaatı üçün mühüm bir problem həllini tapdı. Ayaz öz doğma kəndi Andurmanı da unutmurdu. Orada keçirilən məclislərdə daim iştirak edir, kəndin qayğıları ilə maraqlanırdı.
Andurma kəndinin qəbiristanlığı isə baxımsız vəziyyətdə idi. Ətrafı hasarlanmadığından mal-qara qəbiristanlığa daxil olur, məzarları tapdalayırdı.
Ayaz buna biganə qala bilmədi. Özünün çox cüzi məbləğdə vəsait ayırması ilə kifayətlənməyərək kəndin fəallarını da bu işə cəlb etdi. Birlikdə lazımi tikinti materiallarını göndərərək qəbiristanlığın təxminən 4–5 kilometr uzunluğunda olan ətrafının hasarlanmasına nail oldular.
Beləcə, Ayaz bir tərəfdən yaşadığı kəndin, digər tərəfdən isə doğulub boya-başa çatdığı Andurmanın qayğılarını çəkir, insanların dərdinə şərik olurdu.
İki məzar, bir ömürlük xatirə
Şirinquyu kəndi ildən-ilə böyüyür, yeni sakinlər gəlib burada evlər tikirdilər. Kənd böyüdükcə onun yaxınlığındakı qəbiristanlıqda məzarların sayı da təbii olaraq artırdı.
Mənim də bu kəndlə əlaqəm vardı. Çünki orada qohumlarım yaşayırdı. Məhz həmin qəbiristanlıqda mənim Əyyub əmim də uyuyurdu. Kəndə hər dəfə yolum düşəndə əmimin məzarını ziyarət edirdim. Lakin bu ziyarətlər zamanı qəbiristanlığın birinci cərgəsində yanaşı yerləşən iki məzarın qarşısında da dayanırdım. Bu məzarlardan birində qayğıkeş ana Kinəvəs nənə, digərində isə valideynlərinə sadiq oğul Ayaz əmi uyuyurdu.
Sonralar diqqətimi bir hadisə xüsusilə cəlb etməyə başladı.
Kənddə dünyasını dəyişən bir insanı qəbiristanlığa gətirəndə, mərhumun torpağa tapşırılması bəzən bir saata yaxın vaxt aparırdı. Bu müddət ərzində qəbiristanlığa gələn insanlar bir-bir, iki-iki həmin iki məzarı ziyarət edir, Ayaz əmini və anası Kinəvəs nənəni tanımayanlara onların kim olduqlarını, necə insanlar kimi yaşadıqlarını izah edirdilər.
Düşünəndə adamı heyrət bürüyür: illər keçir, nəsillər dəyişir, kənd böyüyür, yeni insanlar gəlir. Ancaq elə insanlar var ki, onların cismani yoxluğu xatirələrini yaşadanların sayını azaltmır. Əksinə, onların həyatı, insanlara göstərdikləri yaxşılıq və qoyub getdikləri mənəvi irs zaman keçdikcə daha aydın görünür.
Ayaz əminin qəfil ürək tutmasından vəfat etdiyi gün kənd adamlarının, ətraf yaşayış məntəqələrindən və rayonlardan gələn insanların ah-naləsindən, keçirdikləri ağır sarsıntıdan danışmaq istəmirəm. Qorxuram ki, bu hadisəni sözlərlə ifadə edərkən yaşananların ağırlığını və insanların qəlbindəki ağrını lazımınca çatdıra bilməyim.
Bir məqamı isə xüsusi qeyd etmək istəyirəm: elini, obasını canından artıq sevən, ömrünü insanlara yaxşılıq etməklə keçirən bir insanın həyatı cəmi 53 yaşında başa çatmışdı.
Amma onun ömrü sona çatsa da, insanlara bəxş etdiyi yaxşılıqlar sona çatmamışdı. Bunu mənə o iki məzarın qarşısında dayanıb Ayaz əmini tanımayanlara onun kim olduğunu danışan insanlar bir daha sübut edirdilər.
Ayaz əminin vaxtsız vəfatı ailəsi üçün nə qədər böyük dərd olsa da, həyat yoldaşı Solmaz xanım sınmadı, əksinə, özünü toparlayaraq ailənin bütün ağırlığını çiyinlərinə götürdü. O, həm ana, həm ata məsuliyyətini öz üzərinə aldı. Övladlarını böyütdü, subay balalarını evləndirərək hər birini ev-eşik sahibi etdi. Onların güzəranını yaxşılaşdırmaq, ailələrinin firavanlığını təmin etmək üçün nə qədər çətinliklərə sinə gərdi, nə qədər əzablara qatlaşdı.
Solmaz xanım yalnız ailəsinin qayğıları ilə yaşayan bir ana olmadı, həm də öz mənəvi dünyasına bağlı qaldı. İki dəfə Həcc ziyarətində oldu.
Ana ürəyinin ən böyük arzularından biri də oğlu Əfqan Cəfərovun gələcəyini görmək, onun cəmiyyətdə layiqli yer tutmasına nail olmaq idi. Əfqan həkimin Türkiyədə təhsil alması, sonradan Vətənə qayıdaraq Azərbaycanda tanınmış travmatoloq-cərrah kimi yetişməsi üçün Solmaz xanım əlindən gələni əsirgəmədi. Bu arzusuna da çatdı.
Əfqan Cəfərov bu gün öz peşəkarlığı və insanlara göstərdiyi tibbi yardımla tanınan həkimlərimizdəndir. Vətən müharibəsinin 44 günü ərzində könüllü olaraq iştirak etməsi onun yalnız peşəsinə deyil, Vətəninə də bağlılığının göstəricisi oldu. O, neçə-neçə Vətən övladını əlillikdən xilas etdi, onların sağlamlıqlarını bərpa etmək üçün böyük əmək sərf etdi.
Beləcə, Ayaz əminin sağlığında insanlara göstərdiyi xeyirxahlıq və qayğıkeşlik onun ailəsində də öz davamını tapdı. Solmaz xanım övladlarını böyüdüb ərsəyə çatdırmaqla, Əfqan həkim isə öz peşəsi ilə insanlara xidmət etməklə bu ailənin adına layiq bir yol tutdular. Ayaz əminin ömrü qısa olsa da, onun qoyub getdiyi mənəvi miras ailəsinin əməllərində yaşamağa davam etdi.
müəllif: Natiq Hüseynov
💬 Şərhlər (1)
Allah rəhmət eləsin.Ayazın ölüm xəbərini eşidəndə çox sarsıldım. Mənim maşınımla hüzürə tələsirdim.Rəhmətlik Bəlağa ah çəkib təəssüfləndi ,53 yaş nədir ki bu tezliklə onu itirdik.Onda mən ürəyimdəki Qubara baxmayaraq dedim: Xeyr o Yüz il ömür sürənlər dən də öz əməlləri ilə çox yaşayacaqdır.
Şərh yaz